Təqsirləndirilən şəxs: "Atamı anama işgəncə verdiyi üçün öldürdüm"

Təqsirləndirilən şəxs: "Atamı anama işgəncə verdiyi üçün öldürdüm"
# 05 iyul 2017 10:09 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Laçın Novruzovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən L. Novruzov özünü təqsirli bilib. O, deyib ki, atası hər gün evdə söz-söhbət yaradıb: "Atamı öldürmək istəmirdim. Onunla mübahisə edərkən əlinə bıçaq aldı ki, məni vursun. Mən onu qabaqladım və bıçaqla vurdum. O, həmişə sərxoş olurdu, anama işgəncə verirdi".

L. Novruzovun anası deyib ki, həyat yoldaşı Mehman Məmmədov ona işgəncələr verib: "Məni 2 dəfə bıçaqlayıb. Oğlumun günahı yoxdur. Hər şey mənim üstümdə baş verib. Ərim mənə qarşı kobud davranmasaydı, oğlum onu bıçaqlamazdı. Hər gün araq içirdi, bütün qonşular bunu bilir".

Sonra şahidlər ifadə verib. Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 12-də davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 4-də Müşviqabad qəsəbəsi sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu atası, 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlunu 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

L. Novruzov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR