AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri: "Dövlətə məxsus hotellər tikərək qiymətləri daha ucuz etməklə özəl sektora təsir göstərmək olar"

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri: "Dövlətə məxsus hotellər tikərək qiymətləri daha ucuz etməklə özəl sektora təsir göstərmək olar"
# 14 iyul 2015 12:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Müşahidələr göstərir ki, bəzən turistlər Azərbaycana gəlmək üçün həftələrlə, aylarla sənədləşdirmə işlərinə zaman sərf edir. Qonşu Gürcüstandan dünyanın əksər istiqamətlərinə və ya əksinə uçuşlar Azərbaycandan xeyli ucuzdur. Hətta turistlərin bir qismi Gürcüstan ərazisindən istifadə etməklə ölkəmizə gəlir və ya gedir. Bu baxımdan, ölkə baş­çı­­sının da qeyd etdiyi kimi, viza və aviabilet məsələsi olduqca ciddidir”.

Bunu APA-ya açıqlamasında AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri Aqil Əsədov deyib.

Şöbə müdiri bildirib ki, bu sahədə müvafiq addımların atılması, elektronlaşdırma, elektron imkanların geniş­lən­dirilməsi çox vacibdir: “Ölkə başçısı turizmin inkişafı ilə bağlı məsələlərə çox düzgün müna­sibət bildirdi. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində öl­kə­miz beynəlxalq tədbirlərin məkanına çevrilib. Son illər elə bir həftə olmaz ki, Bakıda və ya regionlarda beynəlxalq tədbir keçirilməsin. Təbii ki, belə bir şəraitdə, infrastruktur təminatının mütəmadi olaraq təkmilləşdirildiyi bir zamanda, turizm sektorundan daha iri həcmli gəlirlərin əldə edilməsi gözlənilir. Fikir verin, AZAl-la Antalyaya birbaşa uçuş 820 ABŞ dolları, "Türk Hava Yolları" ilə Tiflisdən uçuş 166 ABŞ dolları, Pribaltikaya - Riqaya Bakıdan AZAL-la uçuş 475 dollar, Tiflisdən uçuş isə 235 dollardır. Bu qədər qiymət fərqi düşündürücüdür. Belə olan halda hansı turizm cəlbediciliyindən danışmaq olar?!”

A.Əsədovun sözlərinə görə, hotellərin tikintisinə nisbətən mövcud hotellərdə qiy­mət­lərin müəyyən qədər tənzimlənməsi daha vacib amildir: “Ölkəmiz ildən-ilə inkişaf edir, əhalinin gəlirləri artır və insanlar daha yaxşı istirahət etməyə, hər şeyin daha yax­şısını əldə etməyə can atırlar. Bu mənada ikiulduzlu, üçulduzlu otellərin tikintisi ilə paralel olaraq qiymətləri də müəyyən təsirlərlə tənzimləmək zəruridir. Məsə­lən, burada özəl sektorla paralel olaraq dövlət sahibkarlığının inkişafı nəzərdən ke­çi­rilə bilər. Yəni dövlətə məxsus hotellər tikmək, burada qiymətləri daha ucuz et­mək­lə, özəl sektora da təsir etmək olar”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda Turizm İnstitutunun yaradılmasından sonra kadr hazırlığı sahəsində müəyyən irəliləyişlər olsa da, kadr problemləri hələ də qalmaqdadır: “Xüsusilə, kadr­ların praktiki hazırlığı məsələsi çox vacibdir. Yəni biz tədris müəssisələrində nə­zəri bilikləri veririk, lakin praktika tamamilə fərqlidir. Bu baxımdan da, hesab edirəm ki, biz turizm sahəsində kadrların təcrübə mübadi­lə­si­nə, praktiki hazırlıq məsələlərinə daha ciddi fikir verməliyik. Belə bir söz var ki, “Yaxşı ticarətçi olmaq üçün gülümsəməyi bacarmaq lazımdır”. Biz kadrlara gü­lüm­səməyi, turisti gülərüzlə qarşılamağı, onun zövq və tələbatına uyğun davran­ma­ğı öyrətməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR