Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə “Ümid” yarışına start verilib - FOTO

Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə “Ümid” yarışına start verilib - <span style="color: red;">FOTO
# 12 aprel 2014 12:30 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə “Ümid” yarışına start verilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2 gün davam edəcək yarışda iştirak üçün FAİREX ölkəmizin müxtəlif regionlarından olan 21 klubundan ümumilikdə 100 nəfərdən yuxarı yeniyetmə və gənc qeydiyyata alınıb.

Yarışda federasiyanın “Ekosport”, “Salavat”, “AMEAST”, “Qərb Universiteti”, “FHN”, “Şahdağ”, “Caspian”, “Qafqaz”, “Memarlıq”, “Gənclik”, “İrəli Extrim”, “Aviasiya”, “Climb club”, “Rock Stone”, “Kəmərqaya”, “Daşkəsən”, “Gəncə”, “Bakı Qida Sənayesi Kolleci”, “Zirvə”, “Black Stone” və “AMA” klublarının idmançıları iştirak edirlər. FAİREX tərəfindən təşkil olunan “Ümid” yarışının ölkəmizdə keçirilməsində əsas məqsəd bu idman növünün yeniyetmə və gənclər arasında populyarlaşması və eyni zamanda 3-4 may tarixlərində Bakı şəhərində Dövlət Bayraq Meydanı yaxınlığında keçiriləcək İdman Dırmanması üzrə Dünya Kuboku yarışına hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya Kuboku yarışı 2013-cü ilin 22-23 iyun tarixlərində FAİREX və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçirilib. Ötən il keçirilən yarışın təşkilatçılığına yüksək qiymət verən beynəlxalq federasiyalar, o cümlədən yarışda iştirak edən əcnəbi idmançılar bu ildə Dünya Kuboku yarışının Bakı şəhərində keçirilməsini tövsiyə və xahiş ediblər. 3-4 may 2014-cü il tarixlərində Bakıda keçiriləcək İdman Dırmanması üzrə Dünya Kuboku yarışlarına hazırlıq məqsədi ilə Türkiyədən dəvət olunmuş yüksək ixtisaslı hakimlər tərəfindən idmançılara hakimlik kursu keçilib və 40 nəfərə yaxın idmançıya beynəlxalq yarışları idarə etmək hüququ üzrə sertifikat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR