Təhsil naziri qış imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib

Təhsil naziri qış imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib
# 24 dekabr 2012 08:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Misir Mərdanov qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmr ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə imzalanıb. Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və “Qaynar xətt” xidməti yaratsınlar. Bundan əlavə, nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar və imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

Təhsil Nazirliyinin Aparatının rəhbərinə və ali və orta ixtisas təhsili şöbəsinə tapşırılıb ki, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər. İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar, imtahan sessiyanın nəticələrini təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim etsinlər.

Nazir əmrin icrasına nəzarəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR