Milli Məclisin sədri Oqtay Əsədov Qüdrət Həsənquliyevi təbrik edib

Milli Məclisin sədri Oqtay Əsədov Qüdrət Həsənquliyevi təbrik edib
# 30 yanvar 2015 15:26 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin sədri Oqtay Əsədov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevi təbrik məktubu ünvanlayıb.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O.Əsədov Milli Məclisin sədr müavinləri, Milli Məclisin Aparat rəhbəri və Milli Məclisin İşlər İdarəsinin müdirinin adından Q.Həsənquliyevi 50 illik yubileyi münasibətilə təbrik edib.

Məktubda Q.Həsənquliyevin ömür yoluna və ictimai-siyasi fəaliyyətinə yüksək qiymət verilir. Qeyd olunur ki, hazırda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi qanun yaradıcılığına layiqli töhfə verən BAXCP sədri Milli Məclisin NATO PA-da və Avronest PA-dakı nümayəndə heyətlərinin üzvü kimi səmərəli fəaliyyət göstərir, Azərbaycan-Malta parlamentlərarası dostluq qrupunun rəhbəri, Belçika, İtaliya, Xorvatiya, Moldova və Peru ilə analoji qrupların üzvü kimi Milli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsində yaxından iştirak edir.

“İnanıram ki, bundan sonra da müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda var qüvvənizi əsirgəməyəcəksiniz” - deyə O.Əsədov məktubunda bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR