Bakı. Rəşad Süleymanov - APA. Son 5 ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) birlik və müəssisələrində 40-dan çox yeni istehsalat sahəsi yaradılıb. APA-nın məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov «Respublika» qəzetində dərc olunmuş məqaləsində bildirib.
Bu obyektlərdən 3-ü 2012-ci ildə istifadəyə verilib. Onların arasında atıcı silahların yaradılması və təkmilləşdirilməsi üçün təcrübə-sınaq zavodu, fərdi əleyhqazların və xüsusi mühafizə vasitələrinin istehsalı, həmçinin müxtəlif çaplı döyüş sursatlarının utilizasiyası sahələri var.
Ümumilikdə MSN müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatların çeşidi 700-ə çatdırılıb. Cari ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilələr bağlanıb.
«Bu gün “Matador” və “Marauder” tipli zirehli maşınların istehsalı və onların silahlanması tam mənimsənilib və kütləvi istehsalı uğurla həyata keçirilir. İlk dəfə olaraq respublikada pilotsuz uçuş aparatlarının istehsalına başlanıb», - deyə nazir qeyd edib.
Nazir ötən dövrdə istehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanmış yeni məmulatlardan da bəhs edib. Bu çərçivədə reaktiv yaylım atəş sistemlərini, zirehli texnika tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşını, əleyhqaz, aviasiya bombaları, kolimator, müxtəlif minalar, siqnal tapançası, zirehli texnikalar, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini misal göstərib.