Marneulidə İslamı təhqir edən filmə qarşı etiraz aksiyası keçirilib - FOTOSESSİYA

Marneulidə İslamı təhqir edən filmə qarşı etiraz aksiyası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 21 sentyabr 2012 14:04 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Marneulinin İmam Əli məscidində Marneuli, Bolnisi və Qardabanidən gələn müsəlmanların etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, cümə namazından sonra keçirilən tədbirdə İslamı təhqir edən filmə və İslam düşmənlərinə qarşı bəyanatlar səsləndirilib.

Tədbir başlamamışdan əvvəl İmam Əli məscidinin axundu Hacı Hacıyev Quran ayəsindən bir parça oxuyub. Sonra etiraz mitinqində çıxış edən İmam Rza məscidinin müəllimi Hacı Qurban Murğuzov ABŞ-da çəkilən 2 saatlıq “Müsəlmanların məsumiyyəti” adlı film barədə fikirlərini açıqlayıb: “Biz müsəlmanlar bunu yaxşı başa düşür və belə hərəkətləri daim pisləyirik. Bu bir təxribatdır. Biz Quranı yandıran keşiş Terri Consu da pisləyirik. Bu hərəkətlər insanlığın əksinədir”.

Tədbirdə “Ümmətik, birgəyik, təhqirlərə dözmərik!”, “Canlar sənə fəda, ya Rəsulullah!” və digər etiraz şüarları səsləndirilib və filmin çəkilişini həyata keçirənlər kəskin şəkildə pislənilib.

İmam Əli məscidinin axundu Hacı Hacıyev APA-ya açıqlamasında analoji məzmunlu filmlərin İslam və xristian dünyası arasında qarşılaşma yaratdığını bildirib: “Belə filmlərin çəkilişi və Quranı yandırmaq kimi hərəkətlər bizi təxribatlara yönəldə bilməz. Bizim din digər dinlərə də tolerant münasibət bildirməyi öyrədir. Əgər biz İsa və Musa peyğəmbəri sevir və qəbul ediriksə, eləcə də öz dinimizi, Quranı və peyğəmbərimizi sevərək müdafiə etməliyik. Bu məqamda bizim vəzifəmiz odur ki, İslam peyğəmbərini olduğu kimi dünyaya tanıdaq. O, ədalətli, səmimi, insanlığı müdafiə edən və məzlumların arxasında duran, mehriban və bilikli, mədəniyyətli, elmi dəyərləndirən və Quran ayələrinin saflığını yayan bir şəxsdir. Biz bu filmin yaradıcılarının qanuni şəkildə cəzalandırılmasını tələb edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR