Milli Məclisdə qadın zorakılığına qarşı mübarizədə parlamentarların rolu ilə bağlı seminar keçirilib

Milli Məclisdə qadın zorakılığına qarşı mübarizədə parlamentarların rolu ilə bağlı seminar keçirilib
# 28 sentyabr 2016 09:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə birgə “Qadınların fəaliyyətinin genişləndirilməsi və qadın zorakılığına qarşı mübarizədə parlamentarların rolu” mövzusunda seminar keçirilib.

APA-nın məlumatına görə, AŞPA-da qadınlara qarşı zorakılıq üzrə baş məruzəçi Sahibə Qafarovanın sədrliyi ilə keçirilən seminarda Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, MM-in sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin sədri Yelena Çentemero, qurumun deputatları Qizela Vurm, Beatrs Fresko-Rolfo, azərbaycanlı deputatlar və ekspertlər iştirak edib.

S. Qafarova bildirib ki, Avropa Şurası Parlament Assambleyasında “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsi fəaliyyət göstərir və o, həmin şəbəkəyə rəhbərlik edir: “Şəbəkənin üzvləri AŞPA-da üzv və müşahidəçi qismində təmsil olunan dövlətlərin, demokratiya naminə tərəfdaşların təmsilçilərindən ibarətdir. Şəbəkənin məqsədi Avropada və dünyada qadınlara zorakılıq hallarına qarşı mübarizə aparmaqdır. Bu şəbəkənin AŞPA-nın sessiyaları, iclasları dövründə yığıncaqları keçirilir, eyni zamanda, ayrı-ayrı formatlarda tədbirləri olur. AŞPA-nın baş məruzəçisi və şəbəkənin siyasi koordinatoru olaraq növbəti tədbirin Azərbaycanda keçirilməsinə qərar verdim. Tədbir Azərbaycanda çox mühüm hadisənin baş verdiyi dövrə təsadüf etdi. Bildiyiniz kimi, iki gün öncə Azərbaycanda referendum keçirildi və Azərbaycan xalqı növbəti dəfə ölkə rəhbərliyinin çağırışına səs verdi, referendumda Konstitusiyaya təklif edilən dəyişikliklərə öz müsbət münasibətini bildirdi. Həmin seçkiləri, referendumu müşahidə edənlər arasında bugünkü tədbirimizə qatılan AŞPA müşahidə missiyasının üzvləri də var. Səkkiz nəfərdən ibarət missiya referendumu yaxından izləmək imkanına malik oldu, onlar hər şey öz gözləri ilə izlədilər, gördülər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında deyib ki, zorakılıqla bağlı daha çox maariflənmə və profilaktik işlər görülməlidir. B. Muradova isə bildirib ki, yerli qurumlarda qadınların təmsilçiliyi 4 faizdən 30 faizə qədər artıb: “Bu, dövlətin apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, parlamentarların bu işə verdiyi töhfənin və konkret olaraq, bu kampaniyaya ayrılan önəmin nəticəsidir”.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə qeyd edib ki, qadınların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində Azərbaycanın təcrübəsi çox qiymətlidir: "Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi suallara cavab vermək iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir. Nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunsun. Əminəm ki, bu müzakirələr həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli və vacib olacaq. Hansı ölkədə ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün səylər göstərilir, deməli, bu dövlətin gələcəyi var, cəmiyyət mədəniyyətə çox meyllidir və millətin yaşamağa haqqı var”.

Seminar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR