Bu il müəllimlərin ilk qiymətləndirilməsi Qubada aparılacaq

Bu il müəllimlərin ilk qiymətləndirilməsi Qubada aparılacaq
# 15 noyabr 2016 09:37 (UTC +04:00)

"Bu il ilk diaqnostik qiymətləndirmə noyabrın 21-23-də Qubada təşkil olunacaq".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

E. Bağırov bildirib ki, bu il diaqnostik qiymətləndirmədə ümumilikdə 37 min müəllimin iştirakı nəzərdə tutulur: "3 gün davam edəcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq".

Qurum rəsmisi qeyd edib ki, Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabr 27-28-də Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə dekabrın 2-4-də Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə dekabrın 8-10-də Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə dekabrın 14-15 -də Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə dekabrın 19-24-də Lənkəranda keçiriləcək. Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakıda imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər.

2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacağına toxunan E. Bağırov əlavə edib ki, Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara qatılacaqlar.

E. Bağırovun sözlərinə görə, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb.

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər: "Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR