AMEA muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq

AMEA muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq
# 05 iyul 2017 15:24 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan APA-ya verilən məlumata görə, iclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun həmmüəllifi olduqları “Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr” adlı elmi məruzə dinlənilib.

Rəyasət Heyəti Rasim Əliquliyevin məruzəsində olan təkliflər əsasında müvafiq qərar qəbul edib.

Rəyasət Heyətinin iclasında AMEA-nın bəzi elmi müəssisələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub. Mövzu ilə əlaqədar çıxış edən Akademiya prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA nizamnaməsi və "Elm haqqında" Azərbaycan Qanununun müvafiq maddələrinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qeyd edilənlər nəzərə alınaraq Rəyasət Heyəti tərəfindən AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiq edilib. Vurğulanıb ki, muzeylərdə həyata keçirilən sahibkarlıq fəaliy­yəti bu Qaydalara edilmiş əlavələr, eləcə də fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki-hüquqi müqavilələr əsasında müəyyən edilir.

İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nizamnaməsinə qismən dəyişiklik edilməsi ilə bağlı qərar da qəbul olunub. Akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun tərkibinin, o cümlədən AMEA-nın Elm Tarixi İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq olunması, AMEA Qafqazşünaslıq İnstitutunun strukturunda qismən dəyi­­şiklik edilməsi və AMEA Zoologiya İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin yaradılması gündəlikdə yer alan məsələlərdən olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR