Azərbaycan boksçuları Neft Ölkələrinin Dünya Kuboku yarışında mərhələ adlayıblar

Azərbaycan boksçuları Neft Ölkələrinin Dünya Kuboku yarışında mərhələ adlayıblar
# 05 dekabr 2014 14:28 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Beloyarskiy şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə yerli idmançılarla yanaşı, Azərbaycan, Monqolustan, Çin, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Çexiya, Belarus, Litva, Latviya, Ermənistan, Türkmənistan və İsveç komandaları da iştirak edirlər.

Yarışın birinci günündə rinqə çıxan boksçularımızdan yalnız Salman Əlizadə (49 kq) və Ramal Aslanov (69 kq) növbəti mərhələyə vəsiqə qazanıblar. Avropa çempionu Əlizadə Rusiya idmançısı Andrey Potemkini məğlub edib. Həmyerlimiz növbəti mərhələdə qırğızıstanlı Turat Osmonovla qarşılaşacaq. Aslanov isə ilk görüşdə Moldovanı təmsil edən Kamran Nazarovu texniki nokautla üstələyib. Bokçumuzun növbəti rəqibi rusiyalı Tamerlan Maqomedov olacaq.

49 kq çəki dərəcəsindəki digər təmsilçimiz Araz İmaməliyev gərgin mübarizədə Özbəkistan nümayəndəsi Abdulla Kuçkarova uduzub – 1:2. Murad Əliyev də (52 kq) ilk mərhələdə Rusiya boksçusu Aleksandr Qrişuka məğlub olub – 1:2.

Yenidən milli komandaya qayıdan Rəhim Nəcəfov (56 kq) özbəkistanlı Murodjon Əhmədəliyevlə dueldən məğlub ayrılıb. Son Azərbaycan kubokunun gümüş mükafatçısı Elvin İsayev (60 kq) yerli boksçu Aleksey Klimtsevə uduzub. Həmin çəki dərəcəsində digər nümayəndəmiz Nəsrəddin Məmmədov isə təcrübəli Tacikistan boksçusu Ənvər Yunusova məğlub olub – 0:3. Lorenzo Sotomayor da (64 kq) ilk mərhələdə uduzanlar arasındadır. O, Özbəkistan boksçusu Şaxram Qiyasovla bacarmayıb – 1:2.

Qeyd edək ki, yarışa dekabrın 7-də yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR