Bələdiyyə seçkilərində istifadə olunacaq bülletenlərin çapına başlanıb

Bələdiyyə seçkilərində istifadə olunacaq bülletenlərin çapına başlanıb
# 28 noyabr 2014 10:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-nə təyin olunan bələdiyyə seçkiləri üçün nəzərdə tutulmuş səsvermə bülletenlərinin çapına başlayıb.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun başçılığı ilə MSK rəhbərliyi prosesin başlanması ilə əlaqədar Milli Məclis Aparatının mətbəəsində olub. M. Pənahov jurnalistlərə açıqlamasında deyib ki, Seçki Məcəlləsinin tələbinə əsasən səsverməyə 10 gün qalana qədər seçki bülletenləri tam çap olunmalıdır: “Səsvermə bülletenləri 5 gün qalana qədər DSK-lara, 3 gün qalana qədər isə məntəqə seçki komissiyalarına paylanılır”.

MSK sədri 1607 növ bülletenin çap olunacağını söyləyib: “Çünki Azərbaycanda 1607 bələdiyyə mövcuddur. Hansı bələdiyyədə ki, namizədlərin qeydiyyatı ilə bağlı heç bir problem yoxdur, biz həmin bələdiyyələr üzrə səsvermə bülletenlərinin çapına başlamışıq. Namizədlərin qeydiyyatı 29 noyabr saat 18:00-da başa çatır. Bu müddət bitdikdən sonra namizədlərin məhkəməyə müraciət etmək imkanları var. Belə olan təqdirdə həmin bələdiyyələrin səsvermə bülletenlərinin çapını sona saxlayacağıq”.

M. Pənahov qeyd edib ki, seçicilər 5015 məntəqədə səs verəcəklər: “Bələdiyyə seçkiləri üçün 4 milyon 976 min səsvermə bülleteni çap olunacaq. Bu, seçicilərin sayından 3 faiz çoxdur. Hesab edirəm ki, prosesin gedişi təsdiq etdiyimiz təqvim plana uyğun olaraq davam edir”.

MSK sədri mətbuat orqanlarını bələdiyyə seçkiləri ilə əlaqədar reportajlar hazırlamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR