AMB: Azərbaycan iqtisadiyyatında pul kütləsinin artırılması heç bir müsbət nəticə verməyəcək

AMB: Azərbaycan iqtisadiyyatında pul kütləsinin artırılması heç bir müsbət nəticə verməyəcək
# 01 may 2013 11:48 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev bəyan edib.

X.Abdullayevin sözlərinə görə, ilk növbədə söhbət manat pul kütləsinin (M2 aqreqatı) təxminən 70%-nin nağd pulların (M0 aqreqatı) payına düşməsidir. Beləliklə, banklar əməliyyatlarını cəmi 30%-lə aparır ki, belə olan halda pula tələbat banklarda olan pul təklifi ilə təmin edilmir və nəticədə, pulun qiyməti yüksək olaraq qalır.

X.Abdullayevin fikrincə, Mərkəzi Bank tərəfindən M2 aqreqatının artırılması heç bir müsbət nəticə verməyəcək və hazırda müşahidə olunan nisbət qüvvədə qalacaq. Bu səbəbdən daha əhəmiyyətli olan M2 aqreqatında nağd pulların xüsusi çəkisinin azaldılması və nağdsız ödənişlərin artırılmasıdır.

AMB rəsmisi hesab edir ki, bunun nəticəsində bankların sərəncamında olan vəsaitlərin həcmi artacaq. Ümumilikdə, yüksək kredit faiz dərəcələrinin baza səbəbi bankların resurs bazasını formalaşdıran vəsaitlərin bahalığı ilə bağlıdır. Resurs bazasının ucuzlaşdırılması üçün isə M2 aqreqatının artırılması kömək etməyəcək. Əksinə, bu, iqtisadiyyatda mənfi nəticələrə, o cümlədən inflyasiyanın artmasına səbəb ola bilər.

Qeyd edək ki, hazırda Azərbaycan iqtisadiyyatının monetləşmə səviyyəsi (pul kütləsinin ÜDM-ə nisbəti) təxminən 26% təşkil edir, bu isə inkişaf etmiş ölkələrdəki analoji göstəricidən çox aşağıdır. Lakin burada digər göstərici də nəzərə alınmalıdır. Belə ki, inkişaf etmiş ölkələrdə nağd pulların pul kütləsində xüsusi çəkisi 10-20%-ə bərabərdir. Beləliklə, bankların və ümumilikdə maliyyə sektorunda dövriyyədə olunan pul kütləsi kreditləşmədə və digər bank əməliyyatlarında iştirak edir ki, nəticədə, pulun qiyməti aşağı düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR