Gürcüstanın keçmiş baş nazirinin evindən böyük məbləğdə pul müsadirə edilib

Gürcüstanın keçmiş baş nazirinin evindən böyük məbləğdə pul müsadirə edilib
# 21 may 2013 23:58 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın keçmiş baş naziri, “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvilinin evinə keçirilmiş baxış zamanı böyük məbləğdə pul müsadirə edilib. APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu məlumatı Merabişvilinin vəkili Qoqita Qabaidze təsdiqləyib. Onun sözlərinə görə, müsadirə edilmiş pullar müxtəlif valyutada olub.

Qeyd edək ki, polislər həmçinin Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvilinin də evinə baxış keçirib, onun və qızının kompyuterlərini, qubernatorun elmi işlərini götürüb.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri və keçmiş daxili işlər naziri, hazırda ölkənin əsas müxalifət qüvvəsi - “Vahid Milli Hərəkat” Partiyasının baş katibi olan Vano Merabişvili həbs edilib.

V. Merabişvili bu gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb.

Sabiq baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir.

V. Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR