Prezident İlham Əliyev: “Biz bütün problemləri ardıcıllıqla həll edirik və həll edəcəyik”

Prezident İlham Əliyev: “Biz bütün problemləri ardıcıllıqla həll edirik və həll edəcəyik”
# 23 iyul 2014 00:19 (UTC +04:00)

Bakı-APA. “Ölkəmiz üçün ən ağır dövrdə xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev müstəqilliyi təmin edib, vətəndaş müharibəsinə son qoyub, ölkəmizi inkişaf yoluna çıxarıb. Bu gün biz bu siyasətə bütün istiqamətlər üzrə sadiqik və ölkəmizin uğurlu inkişafı bu siyasətin nəticəsidir. Bu inkişafı biz Xızı rayonunun timsalında da görürük. Çünki bildiyiniz kimi, Xızı o qədər də böyük rayon deyil, əhali də 15 min civarındadır”. APA-nın məlumatına görə, bu sözləri iyulun 22-də Xızıda Heydər Əliyev Mərkəzinin açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı, buna baxmayaraq, Xızının sosial-iqtisadi inkişafı üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib: “Biz bu tədbirləri ardıcıllıqla görürük ki, bütün insanları narahat edən məsələlər öz həllini tapsın. Magistral yoldan Xızıya gözəl bir yol çəkilib. Bu yol əvvəlki dövrdə o qədər də yaxşı vəziyyətdə deyildi. İndi ən gözəl standartlara uyğundur. Burada digər yol layihələri icra edilir. Bu yaxınlarda kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılıb. Altıağac kəndinə qədər gedən yol əsaslı şəkildə tikiləcək. Digər yol layihələri indi həllini gözləyir və o məsələlər də həll olunacaq. Şurabad kənd yolu da tikilməlidir. Bu məqsədlər üçün də vəsait ayrılacaq”.

Prezident İlham Əliyev yol infrastrukturunun əsas olduğunu və indi bütün yerlərdə kənd yollarının prioritet kimi gündəlikdə olduğunu qeyd edib: “Yol olanda əlbəttə ki, rahatlıq da, inkişaf da olur. Xızının turizm potensialı çox böyükdür. Burada çox gözəl təbii şərait var - gözəl dağlar, təmiz hava. Bu gün mənə yeni layihə təqdim olundu. Gözəl otelin tikintisi nəzərdə tutulur. Yəni, bu sahədə əlavə tədbirlərin görülməsi əlbəttə ki, rayonun iqtisadi potensialını artıracaq. Çünki ilk növbədə yol olmalıdır, infrastruktur layihələri icra edilməlidir. Hər rayon üçün onun spesifikasına uyğun olaraq iqtisadi inkişaf planı da nəzərdə tutulur, o cümlədən Xızı üçün. Bildiyiniz kimi, üçüncü regional inkişaf proqramında Xızı rayonunun inkişafı üçün bütün lazımi tədbirlər nəzərə alınıb”.

Xızı rayonunda kənd təsərrüfatının inkişafı üçün çox önəmli addımın atıldığını bildirən dövlət başçısı, suvarma layihəsinə start verildiyini və bu layihənin reallaşmasının Taxtakörpü su anbarının tikintisindən sonra mümkün olduğunu qeyd edib: “Taxtakörpü su anbarının tikintisi ölkədə son vaxtlar qeyri-neft sektorunda infrastruktur layihələri arasında bəlkə də ən böyüyüdür, kənd təsərrüfatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Samur-Abşeron kanalı, Taxtakörpü su anbarı, elektrik stansiyası, Taxtakörpü-Ceyranbatan kanalı - bu layihələr artıq icra edilib. Beləliklə, biz Samur çayının sularından istənilən həcmdə istifadə edirik. İndi isə biz artıq bu kanal üzərində yerləşən rayonların kənd təsərrüfatına da ciddi diqqət göstəririk”.

İlham Əliyevin sözlərinə görə, Siyəzən, Şabran və Xızı rayonlarında böyük həcmdə yeni torpaq sahələri dövriyyəyə buraxılacaq: “Xızı rayonunda isə doqquz min hektar torpaq su ilə təmin ediləcək. Hazırda Xızı rayonunda suvarılan torpaqların sahəsi üç min hektardır. Yəni, indikindən üç dəfə çox torpaq suvarılacaq. Beləliklə, fermerlər üçün əlavə imkanlar yaranacaq. Fermerlər gərək o torpaqlardan səmərəli şəkildə istifadə etsinlər. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti birlikdə bu işlərlə məşğul olmalıdırlar ki, biz bu torpaqlarda əkiləcək məhsulların nomenklaturasını müəyyən edək”.

Prezident bunun kənd təsərrüfatının inkişafı üçün çox böyük layihə, böyük töhfə olduğunu qeyd edib: “Əminəm ki, yaxın vaxtlarda artıq bütün lazımi şəbəkə qurulacaq. İndi boru xətləri və kanallar tikilməlidir ki, hazırda səhraya bənzəyən o torpaqlar artıq gülüstana çevrilsin”.

Bölgədəki problemlərə toxunan dövlət başçısı, onların arasında birinci problemin içməli su problemi olduğunu qeyd edib: “Bildiyiniz kimi, indi ölkə üzrə bu problem tədricən öz həllini tapır. Əminəm ki, üçüncü regional inkişaf proqramının icrası nəticəsində bizim bütün şəhərlərimizdə içməli su layihələri təmin ediləcək, o cümlədən Xızı rayonunda.

Bilirəm ki, mənbənin müəyyən edilməsi ilə bağlı müxtəlif çətinliklər var. O məsələ də öz həllini tapacaq. Yəni, Xızı rayonuna da təmiz içməli su gətiriləcək. Çünki biz indi bu layihələrə böyük diqqət göstəririk. Artıq son vaxtlar bir neçə şəhərə təmiz içməli su gətirilib. Eyni zamanda, kanalizasiya layihələri də bərabər aparılır, o cümlədən Xızıda da bu məsələ öz həllini tapacaq”.

“Son vaxtlar aparılan işlər onu göstərir ki, biz bütün problemləri ardıcıllıqla həll edirik və həll edəcəyik. Misal üçün, bu gün Xızıda qazlaşma doxsan faiz təşkil edir. Amma vaxtilə burada qaz yox idi, yollar yox idi. Yollar tikilib. Xəstəxana yox idi, xəstəxana tikilib. İndi içməli su layihəsi də icra ediləndən sonra demək olar ki, əsas infrastruktur məsələləri həll olunacaq.

Suvarma layihəsinə start verildi. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilir. Təkcə o qalıb ki, insanlar bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər, işləsinlər və öz əməyi ilə ölkəmizi daha da möhkəmləndirsinlər. Bizim ümumi inkişafımız göz qabağındadır. Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır və ölkədə böyük quruculuq işləri aparılır”, deyə İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev iqtisadiyyatın artıdığını, sosial məsələlərin həll olunduğunu qeyd edib: “Ölkədə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür. Bir sözlə, bu gün Azərbaycan məhz görülən işlərə görə dünya miqyasında diqqət mərkəzinə çevrilib. Biz bu işləri ardıcıllıqla görürük. Hər bir istiqamət üzrə bu işlər konkret proqram əsasında aparılır, o cümlədən rayonların inkişafı və Xızı rayonunun gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Daha da böyük işlər görüləcək, insanlar daha da yaxşı yaşayacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR