Azərbaycanda vergi cinayətlərinə dair açılan işlərin sayı artıb

Azərbaycanda vergi cinayətlərinə dair açılan işlərin sayı artıb
# 11 dekabr 2013 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda vergi cinayətlərinə dair 426 cinayət işi açılıb ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 79 iş çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov bildirib.

Onun sözlərinə görə, cinayət işləri üzrə araşdırmaların nəticələri ilə bağlı 94 təqsirləndirilən şəxs barəsində 93 iş məhkəməyə göndərilib: «Həmçinin, 216 işin icraatına xitam verilib ki, bunların da 136-sı üzrə maddi ziyanın tam ödənilməsinə görə Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə qərarlar qəbul edilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində axtarışda olan 25 nəfərin tutulub Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin İstintaq İdarəsinə təqdim olunması təmin edilib».

V.Məmmədov bildirib ki, Departamentdə bütün sahələr və tədiyyə növləri üzrə baş verən vergidən yayınma hallarının səbəbləri mütəmadi olaraq araşdırılır, təhlil edilir: «Bu təhlillərin nəticələri onu göstərir ki, son vaxtlar icarə, istehsal, tikinti, tikinti materiallarının alqı-satqısı, ixtisaslaşdırılmış məhsulların (ərzaq, məişət və digər) topdan və pərakəndə alqı-satqısı sahəsində daha çox qanun pozuntularına yol verilib. İl ərzində Departamentin icraatında icarə (16 iş), istehsal (27 iş), tikinti (113 iş), tikinti materiallarının alqı-satqısı (26 iş), ixtisaslaşdırılmış məhsulların (ərzaq, məişət və digər) topdan və pərakəndə alqı-satqısı (201 iş) sahələrində vergidən yayınma hallarına dair cinayət işləri olub».

Departament rəisi deyib ki, vergi tədiyyələri üzrə bölündükdə isə vergilərin yayındırılması halları, əsasən ƏDV (74,03%), mənfəət vergisi (14,8%), sadələşmiş vergi (4,2%), gəlir vergisi (3,8%), ödəmə mənbəyində tutulan vergi (2,5%) üzrə müəyyən olunub: «Bu ilin 10 ayı ərzində Departamentin araşdırdığı 133 cinayət işi ƏDV fırıldaqçılığı ilə bağlı olub ki, bunlardan 98-i səyyar vergi yoxlaması, 35-i isə vergi borcu materialları əsasında başlanmış işlərdir. Həmin işlərdən 40-ı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib».

V.Məmmədov bildirib ki, yanvar-oktyabr aylarında vergi cinayətlərinə dair cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, dövlət büdcəsinə ödənilməsi təmin olunmuş vəsaitin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 3,2 dəfə artaraq 30 423,9 min manat təşkil edib: «Bunun da 23 726,3 min manatı istintaqı tamamlanmış cinayət işləri üzrə, 955,7 min manatı cinayət işinin başlanması rədd edilmiş materiallar üzrə, 5 741,9 min manatı isə istintaqı davam etdirilən cinayət işləri üzrə ödənişlərdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR