Qurban Qurbanov: “Vüqar Nadirov başqa kluba keçmək istəyirdi”

Qurban Qurbanov: “Vüqar Nadirov başqa kluba keçmək istəyirdi”
# 20 iyun 2014 10:24 (UTC +04:00)

Bakı – APA. “Açığı, Vüqar Nadirov komandadan ayrılmaq istədiyini bildirmişdi. O, başqa kluba keçmək istəyirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” məşqlərini paytaxtda davam etdirir. İyunun 12-dən hazırlığa start verən Ağdam təmsilçisinin heyətindən ayrılmaq istəyən futbolçular olub.

Belə ki, yığmanın da formasını geyinən, amma son mövsümü əsasən ehtiyatda keçirən Vüqar Nadirovun özünü başqa komandada sınamaq istədiyi bildirilirdi. Hətta futbolçu bununla bağlı baş məşqçiyə də müraciət etmişdi. Lakin sonradan Nadirov komandada qalası olub: “Vüqar bizə müraciət edəndə bildirdim ki, hansısa futbolçu getmək istəyirsə, ona problem yaratmayacağıq. Amma hələlik sakitçilikdir. Onun komanda ilə bir illik müqaviləsi var. Hazırda Vüqar komandadadır və məşqlərdə iştirak edir”.

Qurbanov yığmamızın klubun kapitanı Rəşad Sadıqovun durumuna da aydınlıq gətirib. O bildirib ki, müdafiəçi artıq məşqə başlayıb: “Düzdür, fərdi qaydada çalışır, amma komanda ilə birgədir. Çempionlar Liqasının seçmə mərhələsinin oyunlarında bizə kömək edə biləcək. Hazırda Rəşad proqram üzrə məşqlərini davam etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR