Vyanada Üzeyir Hacıbəylinin doğum gününə həsr edilmiş konsert olub - FOTO

Vyanada Üzeyir Hacıbəylinin doğum gününə həsr edilmiş konsert olub - <span style="color: red;">FOTO
# 25 sentyabr 2013 09:43 (UTC +04:00)

Bakı-APA. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümü və Milli Musiqi Günü Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) geniş qeyd olunub. AMM-dən APA-ya verilən məlumata görə,

tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak ediblər.

AMM-in rəhbəri Leyla Qasımova mərasimdə çıxış edərək musiqili axşamın ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunduğunu bildirib.

Ölməz bəstəkarın həyat və yaradıcılığına toxunan L.Qasımova onun Azərbaycan və bütün Şərqdə klassik musiqi sahəsində bir çox yeniliklərə imza atdığını diqqətə çatdırıb. Qeyd edilmişdir ki, bu il Üzeyir Hacıbəylinin bəstələdiyi “Arşın mal alan” operettasının 100 illik yubileyi Azərbaycandan Kaliforniyayadək dünyanın bir çox yerlərində böyük uğurla nümayiş etdirilib. Bu əsər 2006-cı ildə Avstriya paytaxtında avstriyalı musiqiçilərin iştirakı ilə Vyana Kamera Operasında uğurla səhnələşdirilib. Milli Musiqi Günü münasibətilə Azərbaycan və Avstriya musiqiçilərinin Vyanada birgə konsert proqramı ilə çıxış etmələri isə ənənə halını alıb.

Konsertdə “Vyana Kamera Orkestrinin Solistləri” simli kvartetinin müşayiəti ilə azərbaycanlı musiqiçilər Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərini ifa ediblər. Üzeyir Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, “Sevgili canan” əsərləri, “Arşın mal alan” operettasından ariyalar, eləcə də Tofiq Quliyev, Vasif Adıgözəlov, Niyazi və digər bəstəkarlarımızın mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Volfqanq Amadeus Motsart, Vaqif Mustafazadə, Cövdət Hacıyev, Frederik Şopen və digər bəstəkarların əsərləri məharətlə ifa edilib. Konsertdən sonra qonaqlara ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR