Bakıda “Seysmologiya, mühəndis seysmologiyası və Antelope İstifadəçiləri qrupu”nun VI beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda “Seysmologiya, mühəndis seysmologiyası və Antelope İstifadəçiləri qrupu”nun VI beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 29 may 2014 09:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirin açılışında çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, bu gün Azərbaycanda yer elmləri başqa bir elmin istiqamətləri kimi inkişaf edib. O deyib ki, seysmologiya, mühəndis seysmologiya, seysmo-tomoqrafiya yer elmlərinin ən vacib, geniş yayılan, təsirli üsullarından biridir: “Seysmo-tomoqrafiya seysmologiyanın əsas hissəsi olaraq yer təkinin dərinlik quruluşlarını işıqlandırır. Yer təkini öyrənmək bir o qədər də asan deyil və bu istiqamətdə seysmik üsullar geniş sürətdə tətbiq olunur. Mövcud seysmik prosesləri öyrənmək üçün Fövqəladə Hallar Nazirliyi və bir çox qurumlarla birgə əməkdaşlıq edilir”.

Konfransın davamında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə nazir Kəmaləddin Heydərovun tədbir iştirakçılarına təbrik müraciətini çatdırıb. Müraciətdə qeyd olunub ki, Azərbaycan üçün daha çox zəlzələlər, torpaq sürüşmələri, subasmalar, quraqlıqlar, dəniz suyunun səviyyəsinin qalxması, meşə yanğınları mühüm əhəmiyyət kəsb edən fövqəladə hadisələr sayılır: “Digər tərəfdən, respublika ərazisində yüzlərlə təhlükə potensiallı sənaye və kənd təsərrüfatı obyektləri, strateji əhəmiyyətli neft-qaz kəmərləri, nəqliyyat infrastrukturu, su anbarları və digər mühüm iqtisadi obyektlər yerləşir. Bunlar isə potensial texnogen fəlakətli hadisələrin mənbəyidir. Nazirlik AMEA ilə sıx əlaqələr qurmaqdadır. Azərbaycanda təbii və texnogen fəlakətli hadisələrin öyrənilməsi və tədqiqatların aparılması sahəsində Azərbaycan alim və mütəxəssisləri ilə bir sıra mühüm uğurlu nəticələr əldə edib. FHN və AMEA fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində elmi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bu yaxınlarda nazirlik və AMEA mühüm bir layihə üzərində əməkdaşlıq üçün ilk addım atıb və Azərbaycanın fövqəladə hallar atlasının hazırlanması haqqında müzakirələr başlayıb. Bu atlasda seysmik baxımdan təhlükəli ərazilərin xəritələri də öz yerini tutmalıdır. Hesab edirik ki, AMEA və digər müvafiq təşkilatlarla fövqəladə hallar sahəsində qarşılıqlı əlaqələrimiz və əməkdaşlığımız öz faydasını verəcək”.

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq konfransda 18 ölkənin alim və mütəxəssisləri müxtəlif mövzularda məruzələrlə çıxış edəcək və qarşılıqlı fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR