DSMF Zərdabda “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat keçirib

DSMF Zərdabda “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat keçirib
# 02 iyul 2014 12:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu gün Zərdabda “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat keçirib.

DSMF-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Zərdab, Ağcabədi, İmişli, Beyləqan, Saatlı, Ucar, Kürdəmir, Xocavənd, Füzuli, Cəbrayıl və Laçın rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçıların iştirak etdiyi tədbirdə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyəti vurğulanıb. Dövlət Sosial Müdafiə Fondu müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir.

Fondun şöbə müdiri Famil Qədimov öz çıxışında qeyd edib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40%-dən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 mln. 282 min nəfərədək pensiyaçı və 2 mln. 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur.

F. Qədimov vurğulayıb ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. «Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu›› adlı elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Bununla yanaşı, DSMF-nin yerli şöbələrində öz hesabatlarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir.

DSMF-nin elektron xidmətlərindən biri də məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətdir. Bu xidmət aşağıdakı 5 növ müvainət üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: 1) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 2) hamiləliyə və doğuma görə müavinət; 3) uşağın anadan olmasına görə müavinət; 4) uşağa qulluğa görə müavinət, və 5) dəfn üçün müavinət. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib.

Təqdimat mərasimində DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun elektron xidmətləri barədə təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR