Azərbaycanda müəllimlərin yerdəyişməsi üçün müsahibənin hansı formada aparılacağı açıqlanıb

Azərbaycanda müəllimlərin yerdəyişməsi üçün müsahibənin hansı formada aparılacağı açıqlanıb
# 02 iyun 2014 10:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda müəllimlərin yerdəyişməsi üçün müsahibə proqramının hansı formada aparılacağı açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsahibə zamanı müəllimlərin ixtisas üzrə bilik və bacarıqlar, metodiki biliklər, ölkədə təhsil islahatları, ümumi təhsil pilləsinin dövlət standartı və proqramları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı, analitik təhlil aparmaq, problem həll etmək və qərar vermək qabiliyyəti, dinləmə və ünsiyyət qurma bacarıqları yoxlanılacaq.

Müsahibə nəticəsində peşəkar kompetensiyalar – 35 bal (ixtisas üzrə bilik və bacarıqlar – 25 bal, metodiki biliklər – 10 bal), təhsil sahəsində məlumatlılıq, dünyagörüşü, şəxsi keyfiyyətlər – 5 balla (hər bir meyar üzrə 1 bal) qiymətləndiriləcək. “Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” üzrə proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirməsi aparılır.

Müsahibə iki mərhələdə həyata keçirilir. Birinci mərhələ yazılı formada kompüter vasitəsilə keçirilir: müəllimlər ixtisas və metodika üzrə yazılı sualları 1 saat ərzində cavablandırır, dərhal proqram təminatı vasitəsilə qiymətləndirmə aparılır və düzgün cavabların sayı müəyyən edilir. İkinci mərhələdə yüksək bal toplayan şəxslərlə (yerdəyişmə üçün müraciət edənlərin sayından asılı olaraq komissiya tərəfindən müsahibəyə buraxılanların faizi müəyyənləşdiriləcək) şifahi müsahibə aparılır, təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilir. Sonra həmin şəxslərin iki mərhələ üzrə balları proqram təminatına daxil edilərək yerləşdirmə aparılır.

Yerdəyişmə üçün 1 vakant yerə iddia edənlərin sayı 1 nəfər olduqda müsahibə şifahi formada da aparıla bilər. Bu zaman peşə kompetensiyaları üzrə şifahi suallara verilən cavablar və şəxsi keyfiyyətlər qiymətləndirilir, nəticələr proqram təminatına daxil edilərək yerləşdirmə aparılır.

Yerdəyişmə üzrə vakant yerlərə yerləşdirmənin nəticələri dərhal elan edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR