Pedaqoji Universitetdə tələbələrin narazılığına səbəb olan məsələ hələ öz həllini tapmayıb

Pedaqoji Universitetdə tələbələrin narazılığına səbəb olan məsələ hələ öz həllini tapmayıb
# 23 oktyabr 2013 09:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin narazılığına səbəb olan məsələlər hələ öz həllini tapmayıb. ADPU-nun tədris işləri üzrə prorektoru Malik Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, bu gündən başlayaraq 3 gün ərzində universitetin rektoru Yusif Məmmədov ali məktəbdə yaranan narazılıqlarla əlaqədar müxtəlif fakültələrin tələbələri ilə görüşəcək.

Onun sözlərinə görə, universitetin bütün tələbələri ilə bir gündə görüşmək üçün müəyyən imkanlar olmadığından yaxın 3 gün ərzində rektor tələbələrlə görüş keçirəcək. M.Cəbrayılov qeyd edib ki, görüşlərdən sonra tələbələrin təklifləri Təhsil Nazirliyi ilə birgə müzakirə ediləcək və bütün fikirlər nəzərə alınaraq yekun qərar qəbul ediləcək.

ADPU-nun elmi işlər üzrə prorektoru Vilayət Əliyev isə APA-ya açıqlamasında bildirib ki, hazırda imtahanlarla bağlı yekun qərar qəbul edilməyib: “Bununla bağlı müəyyən bir forma tam dəqiqləşdirilir. Məsələ bütün hallarda tələblərin xeyrinə, aşkarlıq şəraitində, obyektiv şəkildə və heç kəsin marağına toxunmadan həll ediləcək. Hazırda Təhsil Nazirliyi ilə də müvafiq danışıqlar aparılır. Sonda bütün təkliflər və fikirlər nəzərə alınaraq müəyyən bir prinsip qəbul ediləcək. Hər halda məsələ müsbətə doğru həll olunacaq”.

Qeyd edək ki, oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ali məktəbin həyətində etiraz aksiyası keçiriblər. Xeyli sayda tələbə semestr imtahanlarının yazılı aparılmasına etiraz edərək imtahanların test üsulu ilə keçirilməsini istəyiblər. ADPU-nun rektor Yusif Məmmədov aksiyaçıların tələblərini dinləmək üçün onların qarşısına çıxıb. Tələbələrin qarşısında çıxış edən rektor, hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını deyib. Bununla bağlı qərarın Təhsil Nazirliyi tərəfindən veriləcəyini deyən rektor əlavə edib ki, tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR