Ombudsmanın MPQ üzvləri Penitensiar Xidmətin Müalicə Müəssisəsində araşdırma aparıblar

 Ombudsmanın MPQ üzvləri Penitensiar Xidmətin Müalicə Müəssisəsində araşdırma aparıblar
# 11 dekabr 2013 10:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olublar.

Ombudsman Aparatı mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqsəd orada səhər baş vemiş və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülmüş yanğından sonra vəziyyətin öyrənilməsi olub.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisənin üç mərtəbədən ibarət, yalnız ikinci və üçüncü mərtəbələrindən istifadə olunan, narkologiya və terapiya şöbələri kimi fəaliyyət göstərən korpusunda yanğın baş verib. Oradakı məhkumların dərhal təxliyə edildiyi, həyatlarına və sağlamlıqlarına heç bir zərərin dəymədiyi müəyyən edilib.

Həmin məhkumlar tibbi müayinədən keçirilib, Müalicə Müəssisəsinin digər şöbələrinə və ya cəza çəkdikləri cəzaçəkmə müəssisələrinə köçürülüblər.

Hazırda Penitensiar Xidmətin rəhbərliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən müəssisədə məsələ ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR