Ukraynada hakim partiya tolerantlıqla bağlı qanunvericiliyin müzakirəsində Azərbaycan modelini təklif edib - FOTO

Ukraynada hakim partiya tolerantlıqla bağlı qanunvericiliyin müzakirəsində Azərbaycan modelini təklif edib - <span style="color: red;">FOTO
# 11 oktyabr 2013 10:54 (UTC +04:00)

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, Ukraynada yaşayan azsaylı xalqların icma rəhbərlərinin, parlamentdə təmsil olunan hakim və digər partiyadan olan deputatların iştirakı ilə keçirilən “Millətlərarası razılıq və vətəndaş həmrəyliyi” adlı konfransda azərbaycanlılar da daxil olmaqla, digər etnik xalqlarla bağlı yeni layihələr təklif olunub.

Hakim Regionlar Partiyasından olan deputat Vadim Kolesniçenko çoxmillətli Ukraynada millətlərarası və dinlərarası münasibətlər barədə qanunvericilikdə olan çatışmazlıqlardan, ksenofobiya, antisemitizm, irqi ayrı-seçkilik halları ilə üzləşmə və bu halların aradan qaldırılması yollarının hüquqi əsaslarla tapılmasının vacibliyindən danışıb. O, çıxışı zamanı konfransda azərbaycanlı icmanın iştirakından istifadə edərək, prezident seçkiləri ilə bağlı Azərbaycan xalqını təbrik edib və Azərbaycanı tolerantlıq nümunəsi kimi göstərib.

Hakim Regionlar Partiyasından olan digər deputat Aleksandr Pressman da ölkədəki çoxsaylı millətlərdən danışaraq, son illər bunlar arasında azərbaycanlıların Ukraynada daha çox aktiv olmasından danışıb. O da millətlərarası, dinlərarası münasibətlər sahəsində qanunvericiliyin təkmilləşdirilməsində Azərbaycanı nümunə kimi götürməyi təklif edib. Hakim partiya deputatları çıxışları zamanı Ali Radada digər azsaylı xalqlardan fərqli olaraq azərbaycanlı deputatın olmaması ilə bağlı təəssüfləndiklərini bildirərək, növbəti seçkidə bu boşluğun doldurulacağına əmin olduqlarını bildiriblər.

Ukrayna Millətlərarası razılıq Komissiyasının sədri Vasil Kostetski, parlamentin Azsaylı xalqlar və millətlərarası münasibətlər üzrə komitənin sədri Valeri Patskan, deputatlar İvan Pepesku və İştvan Qaydoş çıxış edərək qanunvericilikdə lazımi dəyişiklərin labüdlüyündən danışıblar, təkliflər səsləndiriblər. Çıxış edən tatar, yəhudi, rus, qaqauz və digər xalqların nümayəndələri də öz təkliflərini səsləndiriblər.

Azərbaycanlı icmasının rəhbəri kimi çıxış edən BUAK sədri Rövşən Tağıyev Azərbaycanda millətlərarası münasibətlərin nümunəvi hal olduğunu tarixi ardıcıllıqla iştirakçıların diqqətinə çatdıraraq, Ukrayna rəhbərliyinə, yerli deputatlara çoxmillətli dövlətdə bu kimi vacib məsələlərin daim diqqətdə saxlanmasının vacibliyini vurğulayıb. O, həmçinin yaxın gələcəkdə Ali Radada azərbaycanlıların da təmsilçisinin olacağına əmin olduğunu bildirib.

Konfransda Ukrayna xalqına ünvanlanmış bəyannamə qəbul olunub, 2014-cü ilin iyin-iyul aylarında “Millətlərarası münasibətlərin qorunması və inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə qərar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR