«Azər-Türk Bank»ın aktivləri 38% artıb

«Azər-Türk Bank»ın aktivləri 38% artıb
# 13 avqust 2013 09:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 89,444 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38,4% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50,1% artaraq 61,660 mln. manata çatıb. O cümlədən istehlak kreditlərinin həcmi 24,037 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 20,8% çoxdur.

Eyni zamanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 58,6% artaraq 4,848 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,5 faiz bəndi artaraq 7,9%-ə düşüb.

Bankın depozit portfeli son bir ildə 11,1% artaraq 33,062 mln. manata çatıb. O cümlədən əhalinin əmanətlərinin həcmi 19,776 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 24,5% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 15,6% artaraq 14,447 mln. manat, o cümlədən nizamnamə kapitalı 5,2% artaraq 12,243 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 19,5% artaraq 31 280, o cümlədən fiziki şəxslərin sayı 20,2% artaraq 30 302, hüquqi şəxslərin sayı 4,8% azalaraq 978 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 2 984-ə bərabər olub ki, bu da illik müqayisədə 11,3% çoxdur. O cümlədən debet kartların sayı 19,0% artaraq 1 958-ə, kredit kartların sayı 1,0% azalaraq 1 026-ya çatıb.

Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı, 44 POS-terminalı fəaliyyət göstərir. Bankın 144 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR