Allahşükür Paşazadə imkanlı şəxsləri onkoloji xəstələrə yardım etməyə çağırıb

Allahşükür Paşazadə imkanlı şəxsləri onkoloji xəstələrə yardım etməyə çağırıb
# 29 may 2014 09:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən bu uşaqları görəndə, fikirləşirəm ki, Allah bizi yaradıb, dərd də göndərib, onun dərmanı da var”.

APA-nın verdiyi məlumata görə, bunu Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara baş çəkəndən sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.

Şeyxülislam Allahşükür Paşazadə Milli Onkologiya Mərkəzində xəstələrin müalicəsi üçün yüksək şərait yaradıldığını bildirib: “Biz daha çox ehtiyacı olanlar üçün dua edirik. Həm də bu gün imkan daxilində bu uşaqların müalicəsi üçün müəyyən ləvazimatlar gətirmişik. Biz Quranın təfsiri ilə bağlı kitablar da hədiyyə etdik. Allah bu insanları göz yaşlarına bağışlasın, tezliklə müalicə olunub evlərinə qayıtsınlar. Mən imkanı olan şəxsləri, müəssisələri az da olsa, bu uşaqlara, xəstəxanaya dəstək verməyə çağırıram. Mən bu gün media təmsilçilərini reklamım üçün yığmamışam. Ona görə dəvət etmişəm ki, bəlkə bunu başqaları da görsün və yardım etsinlər”.

Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə dəstəyinə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR