Azərbaycanın pərakəndə ticarətdə mal ehtiyatları indeksi azalıb

Azərbaycanın pərakəndə ticarətdə mal ehtiyatları indeksi azalıb
# 23 sentyabr 2013 12:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2013-cü ilin avqust üzrə 100,7% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında «APA-Economics»in apardığı hesablamalara görə, bu göstərici iyul ayına nisbətən 0,8 faiz bəndi azdır.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəricisinə nisbəti kimi hesablanır.

Göründüyü kimi, indeks azalsa da, 100%-dən yuxarı səviyyədədir. Bu isə mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü ilin sentyabrın 1-nə 208,8 mln. manat, iyulun 1-nə 207,4 mln. manat olub.

Qeyd edək ki, avqust ayında pərakəndə ticarətin dövriyyəsi iyul ayına nisbətən 1 583,6 mln. manatdan 1 556,8 mln. manatadək azalıb. Beləliklə, avqust ayında baş verən mal qalıqlarının artmasının müəyyən dərəcədə səbəbi ticarətin zəifləməsidir. Lakin göründüyü kimi, ticarət dövriyyəsinin azalması 26,8 mln. manat, mal ehtiyatların artması isə cəmi 1,4 mln. manat təşkil edib. Beləliklə, mal ehtiyatların artmasında əsas rolu mal təchizatının güclənməsi oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR