Xarici ölkələrdən DSMF-yə müraciət edənlərin sayı min nəfəri ötüb

Xarici ölkələrdən DSMF-yə müraciət edənlərin sayı min nəfəri ötüb
# 30 aprel 2014 10:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən 1 041 müraciət daxil olub.

DMSF-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, fonda daxil olan müraciətlər arasında MDB ölkələrindən (xüsusilə, Rusiya və Ukrayna vətəndaşlarından) ünvanlanan müraciətlər üstünlük təşkil edib. Belə ki, hesabat rübü ərzində MDB ölkələrindən DSMF-ə 919 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Türkiyə gəlir. Bu ölkədən Fonda 61 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq, vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi üçün konkret tədbirlərin görülməsi ilə bağlıdır. DSMF-ə daxil olan digər 61 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR