İranda 4 nəfər edam edilib

İranda 4 nəfər edam edilib
# 10 may 2013 07:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 4 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

Onlardan biri mayın 9-da səhər saatlarında Simnanın mərkəzi həbsxanasında edam edilib. Səbzevar şəhərindən olan 42 yaşlı məhbus üzərində 72 kiloqram heroinlə tutulduğuna görə Qərmsar İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Bundan əlavə, həmin gün səhər saatlarında Şahrud mərkəzi həbsxanasında daha 3 nəfər edam edilib. Nəriman, Səbzevar və Damğan şəhərlərindən olan məhbuslardan ümumilikdə 6 kiloqram 794 qram heroin götürülüb. Onlar Şahrud İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum ediliblər və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Bu məhbusların dördünün də bağışlanmaq üçün əfv komissiyasına müraciətləri rədd edilib. Məhbusların ad və soyadlarının yalnız baş hərfləri qeyd olunub.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 4 nəfər Əraq şəhərində, 1 nəfər isə Zahidan şəhərində edam edilib. Bu həftə isə 3 nəfər Kirmanşah, 3 nəfər də İsfahan şəhərində dara çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR