AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi ləğv edilib

AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi ləğv edilib
# 18 oktyabr 2013 08:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin fəaliyyətinə xitam verilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Gənclərin İntellektual İnkişaf Mərkəzinin ləğv edilməsinə dair qərar Rəyasət Heyətinin iclasında qəbul edilib.

Rəyasət Heyətinin iclasında bildirilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında strateji hədəflərdən biri gənclərin potensialının inkişaf etdirilməsidir. Qloballaşan dünyanın yeni çağırışları və ölkədə biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan gəncliyinin avanqardı olan innovativ təfəkkürlü intellektual gənclik qarşısında tamamilə yeni tələblər irəli sürür. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların daha geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil və yeni texnologiyalara marağının artırılması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini, gənc alim və mütəxəssislərlə fəaliyyət sahəsində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqini tələb edir.

İclasda gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinin əhəmiyyəti vurğulanaraq akademiyanın Gənclərin İntellektual İnkişaf Mərkəzinin fəaliyyətinə xitam verilməsi və Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR