Böyük Britaniya parlamentinin deputatı: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda maneədir”

Böyük Britaniya parlamentinin deputatı: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda maneədir”
# 31 may 2014 13:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Böyük Britaniya hökuməti Azərbaycan və Böyük Britaniya arasında ticarət məsələləri ilə məşğul olmaq üçün xüsusi nümayəndə təyin edib, bu da irəliləyə doğru atılan müsbət addımdır”.

APA-nın məlumatına görə, bunu Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Lord Kilkluney deyib.

Lord Kilkluney bildirib ki, Böyük Britaniya Azərbaycana ən böyük investisiya yatıran ölkədir: “Ancaq biz bununla kifayətlənmirik, investisiya qoyuluşunu daha da artırmaq istəyirik. Yalnız enerji sahəsində deyil, o cümlədən bank sektoru, səhiyyə və digər sahələrdə də əməkdaşlığı genişləndirmək niyyətindəyik. Çünki Azərbaycan gözəl və inkişaf edən ölkədir”.

Azərbaycan və Böyük Britaniya parlamentləri arasında münasibətlərə toxunan Lord Kilkluney qeyd edib ki, iki ölkənin parlamentləri arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur: “Eyni zamanda Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniyada Azərbaycanla bağlı ciddi təbliğat işləri aparır”.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunan Lord Kilkluney hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda maneədir: “Çünki Minsk Qrupuna ABŞ, Rusiya və Fransa nəzarət edir. Bu üç ölkə isə Azərbaycana opponentlik edir. Odur ki, münaqişə 20 ildir, həllini tapa bilmir”.

Münaqişənin həlli ilə bağlı hansısa yeni formatın zəruriliyinə gəlincə, Lord Kilkluney bildirib ki, hələlik bu barədə konkret fikir bildirmək çətindir, bunun üçün zamana ehtiyac var.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR