ARDNŞ Rumıniyaya indiyədək 50 mln. avro yatırıb

ARDNŞ Rumıniyaya indiyədək 50 mln. avro yatırıb
# 25 iyun 2014 12:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rumıniyanın paytaxtı Buxarestdə XII Dünya Enerji Şurası Mərkəzi və Şərqi Avropa Regional Enerji Forumu - “Sabahın Enerjisi: Arzudan Reallığa” mövzusunda forum keçirilir.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, Foren-2014 Forumu Dünya Enerji Şurası Rumıniya Milli Komitəsinin təşkilatçılığı, Rumıniya hökumətinin himayəsi, Dünya Enerji Şurasının rəhbərliyi və Şuranın Mərkəzi və Şərqi Avropadakı üzv komitələrinin dəstəyi ilə keçirilir.

ARDNŞ-ın Rumıniya nümayəndəliyinin də iştirakçısı olduğu enerji forumuna bu ölkənin dövlət və hökumət nümayəndələri, Avropanın beynəlxalq enerji şirkətlərinin rəhbərləri, enerji və ətraf mühit sahəsində ekspertlər qatılıb.

Forum çərçivəsində keçirilmiş ”2014-cü ildə enerji bazarları: Şəffaflıq və bütövlük əsasında Avropaya inteqrasiya istiqamətində inkişaf və irəliləyiş” mövzusunda iclasda ARDNŞ-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxış edərək ARDNŞ-nın fəaliyyəti və beynəlxalq arenada qazandığı uğurlar barədə iştirakçılara məlumat verib. Regionun enerji xəritəsini dəyişəcək TAP və TANAP layihələrinə də toxunan H. Kərimov bildirib ki, Azərbaycan qazının Avropa bazarlarına çatdırılması məqsədi daşıyan Transadriatik qaz kəmərinin (TAP) ötürücülük gücü 10 mlrd. kubmetr təşkil edəcək. Kəmərin tikintisinə 2015-ci ildə başlanılacaq. Bununla yanaşı yaxın gələcəkdə AGRİ layihəsi də diqqət mərkəzində olacaq.

“Cənubi qaz dəhlizi”nin birləşdirici halqası kimi nəzərdə tutulan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi barədə də məlumat verən H. Kərimov bildirib ki, 2018-ci ildə istismara veriləcək boru kəməri ilkin mərhələdə ildə 16 mlrd. kubmetr qaz nəqli üçün nəzərdə tutulub.

Çıxışda həmçinin ARDNŞ-ın Rumıniya bazarındakı fəaliyyətinə də toxunan H. Kərimov vurğulayıb ki, son illər şirkət Rumıniyaya 50 mln. avro sərmayə qoyub, paytaxt Buxarest də daxil olmaqla ümumilikdə 28 YDM istifadəyə verilib, bununla da 400 yeni iş yeri açılıb.

Qeyd edək ki, tədbir iyunun 26-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR