Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında Azərbaycanın Milli yığma komandası da təmsil olunub

Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında Azərbaycanın Milli yığma komandası da təmsil olunub
# 28 yanvar 2014 13:39 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İsveçrənin Saas Fee şəhərində keçirilmiş Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından təşkil olunan Milli yığma komanda ölkəmizi müvəffəqiyyətlə təmsil edib. Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kişilər və qadınlar arasında mürəkkəblik və sürət üzrə iki gün davam edən yarışlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 4 nəfərlik nümayəndə heyəti iştirak edib.

Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında Azərbaycan idmançısı Qalib Şıxrəhimov sürət üzrə təsnifat yarışlarında ilk dəfə ən yaxşı nəticələrdən birini göstərərək 10-cu yerə çıxıb. Komandalar üzrə yekun nəticəyə görə isə Azərbaycanın Milli yığma komandası Rusiya komandasından sonra 2-ci yeri tutub.

Qeyd edək ki, 16-18 yanvar tarixlərində Rumıniyanın Buşteni şəhərində keçirilən yarışlarda FAİREX-in idmançısı Ramay Rəhimxanov da finala vəsiqə qazanıb, lakin dırmanma divarındakı buzun əriməsi səbəbindən final yarışları təxirə salınmışdı. Yarımçıq qalmış final yarışlarının bu ilin 31 yanvar- 1 fevral tarixlərində Fransanın Vanoise şəhərində və yaxud 7-9 fevral tarixlərində İtaliyanın Rabenstein şəhərində keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR