Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub
# 07 mart 2014 13:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynov kollektivə təqdim olunub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov Elxan Hüseynovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, ölkədə ali təhsil sahəsində həyata keçirilən islahatlar ali təhsil müəssisələrində şəffaf, səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunması işinin müasir tələblər səviyyəsində qurulması məqsədlərinə xidmət edir. Müasir dövrdə yüksək biliyə malik cəmiyyət quruculuğunun zəruriliyinə toxunan təhsil naziri ali təhsil sahəsində keyfiyyətin təmin olunması üçün istedadlı, öyrənməyə güclü marağı olan tələbə və müasir tədris üsullarını mənimsəmiş müəllim amilinin əsas olduğunu bildirib.

SDU-nun rektoru Elxan Hüseynov üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Ali təhsilin xalqın intellektual potensialının və ölkənin hərtərəfli inkişafı baxımından müstəsna rolundan bəhs edən rektor SDU-da yüksək səviyyəli təhsil mühitinin yaradılmasına nail olmaq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR