Tbilisidə Ümumdünya Gömrük Təşkilatının regional konfransı keçiriləcək

 Tbilisidə Ümumdünya Gömrük Təşkilatının regional konfransı keçiriləcək
# 07 mart 2014 09:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Martın 17-18-də Tbilisidə (Gürcüstan) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu ölkələri gömrük orqanları rəhbərlərinin konfransı keçiriləcək.

«APA-Economics»in məlumatına görə, beynəlxalq konfrans Azərbaycan Gömrük Komitəsi və Gürcüstan Vergi Xidməti (Vergi və Gömrük Administrasiyası – Sərhəd Nəzarət Xidməti) tərəfindən təşkil olunacaq. Konfransda açılış nitqi ilə Gürcüstanın maliyyə naziri Nodar Xaduri və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa regionu üzrə sədr müavini Aydın Əliyev iştirak edəcəklər.

Həmçinin, konfransda ÜGT-nin baş katibi Kunio Mikuriya, İrlandiya Gömrük Administrasiyasının baş direktoru Cozefin Fili, Norveç Gömrük və Aksiz İdarəsinin baş direktoru Byorn Gül, Avropa Birliyinin Ümumi Vergilər və Gömrük Komitəsinin rəhbəri Suzann Yakobsen və Böyük Britaniyanın gəlir və gömrük məsələləri üzrə direktoru Bill Villiamson iştirak edəcəklər.

Bundan başqa, konfransa Azərbaycanın Belçikadakı səfirliyinin gömrük attaşesi Daşqın Əliyev, Almaniya Federal Maliyyə İdarəsinin beynəlxalq gömrük münasibətləri üzrə müavini Volfqan Horniq və ÜGT-nin Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin rəhbəri Vitali Mikeladze və digər qonaqlar qatılacaqlar.

İki gün davam edəcək konfransın ikinci günündə Gürcüstanda Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu gömrük rəhbərlərinin 2015-ci ildə baş tutacaq növbəti konfransının tarixi və keçiriləcəyi yer seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR