Əli Əkbər Salehi: “İranın nüvə obyektinə təxribat cəhdi ilə bağlı 4 nəfər həbs edilib”

Əli Əkbər Salehi: “İranın nüvə obyektinə təxribat cəhdi ilə bağlı 4 nəfər həbs edilib”
# 07 oktyabr 2013 07:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Düşmənin İranın nüvə obyektlərinə zərbə vurulması istiqamətindəki bəzi planları pozulub”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl İranın bir nüvə obyektinə qarşı belə bir təxribat cəhdinin qarşısı alınıb və məsələ ilə bağlı 4 nəfər həbs edilib: “Bu şəxslər ilk addımda aşkar edildi və onlara bir qədər irəliləmək üçün icazə verildi. Onlar münasib zamanda tutuldular və hazırda istintaqları aparılır”. Ancaq Ə.Salehi İranın hansı nüvə obyektində təxribat törədilməsinin planlaşdırıldığını deməyib, həmçinin mövzu ilə bağlı ətraflı məlumat verməyin erkən olduğunu söyləyib.

Vitse-prezident vurğulayıb ki, düşmən həmişə İranın nüvə obyektlərinə zərbə vurmaq istəyir: “Ancaq İran təhlükəsizlik qüvvələri ölkə sərhədlərini qorumaq üçün ayıq-sayıqdırlar. Çünki təxribatçılıq ehtimalı mövcuddur. İranın nüvə obyektlərinə qarşı kiberhücumlar hələ də davam edir. Ancaq “Stuxnet” virusunun yayılmasından sonra antivirus sistemləri müasirləşdirilib”.

Ə.Salehi bildirib ki, İran nüvə texnologiyasından dinc məqsədli faydalanmaq mövzusunda irəliləyişlər əldə edib: “Son zamanlarda həyata keçirilən siyasi cəhdlər və əldə edilən mövcud nəticələr İranın nüvə məsələsinin həlli istiqamətində müsbət addımlardır. Əlbəttə, İranın rəqibi olan ölkələr nüvə məsələsinin həllini istəmirlər və onlar bu mövzuda bir razılaşma əldə olunmasına da maneə törətməyə çalışırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR