Astanada CAREC ölkələrinin XII Nazirlər Konfransı keçirilib

Astanada CAREC ölkələrinin XII Nazirlər Konfransı keçirilib
# 28 oktyabr 2013 17:34 (UTC +04:00)

Bakı-APA. 22-24 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) XII Nazirlər Konfransı keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans çərçivəsində Ticarət Siyasəti üzrə Əlaqələndirici Komitənin və yüksək vəzifəli rəsmilərin iclasları təşkil olunub.

Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye, nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsi nümayəndələrinin iştirak etdiyi tədbirdə CAREC ölkələrinin 2020-ci ilədək Nəqliyyat və Ticarətin Asanlaşdırılması Strategiyası, 2013-2017-ci illər üzrə Ticarət Siyasətinin Strateji Fəaliyyət Planı, enerji sektoru üzrə məsələlər, İnkişafın Səmərəliliyinin Qiymətləndirilməsi Metodologiyası üzrə İlkin İcmal, CAREC İnstitutunun yaradılması məsələləri müzakirə olunub.

Konfransın sonunda CAREC ölkələri nazirlərinin birgə bəyanatı qəbul edilib. Bəyanatda CAREC proqramının uğurla davam etdiyi, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyi vurğulanmış, enerji sektorunda yeni layihələrin təqdim edilməsi təklif olunub, əməkdaşlığın genişləndirilməsi və həyata keçirilən layihələrin səmərəliliyini təmin etmək məqsədilə CAREC İnstitutunun yaradılması təşəbbüsü dəstəklənib.

Qeyd edək ki, Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistanı əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR