İran prezidentinin Türkiyəyə rəsmi səfəri başlayıb - FOTO

İran prezidentinin Türkiyəyə rəsmi səfəri başlayıb - <span style="color: red;">FOTO
# 09 iyun 2014 11:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidentinin Türkiyəyə rəsmi səfəri başlayıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Həsən Ruhanini Ankara şəhərindəki Əsənboğa beynəlxalq hava limanında Türkiyənin iqtisadi inkişaf naziri Cövdət Yılmaz və digər dövlət rəsmiləri qarşılayıb. Bundan sonra Çankaya köşkündə İran prezidentinin türkiyəli həmkarı tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

İki gün davam edəcək səfər Türkiyə prezidenti Abdulla Gülün rəsmi dəvəti əsasında baş tutur. İran prezidentini səfərdə birinci vitse-prezident İshaq Cahangiri, ali dini rəhbərin ofisinin sədri Məhəmməd Məhəmmədi Gülpeyqani, dövlət başçısının xüsusi köməkçiüi Hüseyn Firidun, xarici işlər naziri Məhəmməd Cavad Zərif, mədəniyyət və islami irşad naziri Əli Cənnəti, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, neft naziri Bijən Namdar Zəngənə və mədəni miras, əl işləri sənayesi və turizm təşkilatının sədri Məsud Sultanifər müşayiət edir.

H.Ruhani jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə İranın çox mühüm qonşusudur və hər iki ölkənin qonşu olması Fars körfəzi, Oman, Qara və Aralıq dənizlərinin bir-birinə bağlanması mənasını verir: “Hər iki ölkə arasında əlaqələrin inkişafı bütün bölgə üçün faydalı olacaq. Türkiyə bölgənin ən əhəmiyyətli ölkələrindən biridir. Hər iki ölkənin ötən illər ərzində son dərəcə yaxşı siyasi və iqtisadi əməkdaşlığa sahib olması məmnunedicidir. Qonşularla əlaqələri gücləndirmək İran hökumətinin ən mühüm prioritetlərindən biridir. Bunun nəticəsi olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı əlaqələrin inkişaf etdirilməsi üçün mühüm mövzularla bağlı fikir mübadiləsi aparıldı və lazımi əməkdaşlıq razılaşmaları imzalandı. Türkiyə səfəri çərçivəsində də bu mövzuların ardını müzakirə etməyi və bir nəticəyə varmağı məqsəd güdürük. Belə ki, enerji sahəsi başda olmaqla nəqliyyat, gömrük, turizm, mədəniyyət, təhlükəsizlik və siyasi sahələrdə mühüm razılaşmalar imzalanacaq. Xüsusilə neft, təbii qaz və elektrik enerjisi sahələrindəki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq”.

İran prezidenti deyib ki, Türkiyə baş nazirinin yanvar ayında gerçəkləşmiş səfəri iki ölkə arasında əlaqələrin səviyyəsinin yüksəlməsi ilə nəticələnib: “Məlum olduğu kimi, Tehranda keçirdiyimiz ikitərəfli görüşdə İran-Türkiyə Strateji Əməkdaşlıq Şurası yaradılıb, nazirlərin müəyyən vaxtlarda bir araya gələrək hər iki ölkə üçün mühüm mövzularla bağlı fikir mübadiləsi aparacaqları yığıncaqlar təşkil etməsi barədə qərar qəbul edilib. Bu səfərdə İran-Türkiyə Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçiriləcək. Bu da hər iki ölkənin ikitərəfli əlaqələrini çoxtərəfli inkişaf etdirmək mövzusunda ciddi bir iradəyə sahib olduğu mənasını verir”.

H.Ruhani vurğulayıb ki, İran və Türkiyənin son dərəcə mühüm geopolitik mövqedə yerləşdiyini hər kəs dərk edir: “Bu iki mühüm ölkə bir-birinin yanında olduğunda Fars körfəzini və Oman dənizini Qara və Aralıq dənizlərinə rahatlıqla birləşdirə biləcəyimiz mənasını verir. Başqa sözlə, Hind okeanını Atlantik okeanına birləşdirə bilərik deməkdir. Bu səbəbdən hər iki ölkənin əlaqələri yalnız İran və Türkiyə üçün deyil, bütün bölgənin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu səfərdə regional mövzularla da bağlı fikir mübadiləsi aparacağıq. Hər iki ölkə İraq və Suriyanın qonşularıdır. Bölgəmizdə mühüm hadisələr baş verir. Çox şükür ki, son aylarda həm İraqda, həm də Suriyada müsbət inkişaflara şahid oluruq. Bütün bu mövzuları Türkiyə ilə görüşməyimiz, dialoqu və əməkdaşlığı davamlı hala gətirməyimiz lazımdır. Bundan əlavə, Şimali Afrika, bütün Orta Şərq və Fələstin də İran və Türkiyənin hər zaman gündəmində olan və məsləhətləşmələr apardıqları mövzulardandır. Radikalizm və terrorizmlə mübarizə İranın son dərəcə əhəmiyyət verdiyi mövzulardandır. Hər iki ölkənin gündəmində də həm regional, həm də beynəlxalq mövzular yer alır. Radikalizm və terrorizmlə mübarizə İranın bölgədə və dünyada izlədiyi əhəmiyyətli hədəflərdən biridir. Bütün dost ölkələrlə bu mövzuda dialoqu və əməkdaşlığı sürdürməyi davam etdirəcəyik. Bu gün və sabahkı səfərimdə də radikalizm, terrorizm, məzhəbçilik mövzuları və bunlarla mübarizə üsulları haqda türkiyəli rəsmilərlə fikir mübadiləsi aparacağıq”.

Qeyd edək ki, İran prezidenti hökumət başına gəldikdən sonra qonşu ölkəyə gerçəkləşdirəcəyi ilk səfəri çərçivəsində türkiyəli həmkarı, qonşu ölkənin baş naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə iki qonşu ölkə arasında siyasət, mədəniyyət və iqtisadiyyat sektorları başda olmaqla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq. Bundan əlavə, iki ölkə arasında 6 əməkdaşlıq razılaşmasının, gömrük, mədəniyyət, terrorizmlə mübarizə, təhlükəsizlik və siyasi əməkdaşlığa dair müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda İranla Türkiyə arasında illərdən bəri mövcud olan problemlər, xüsusilə təbii qazın qiyməti ilə bağlı yaranmış böhranla bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir. Bundan əlavə, H.Ruhani Türkiyədə yaşayan iranlılar, iş adamları, tələbələr və ziyalılarla da görüşəcək. Bu, 1996-cı ildən bəri İrandan prezident səviyyəsində Türkiyəyə həyata keçiriləcək ilk səfərdir. Sonuncu dəfə 1996-cı ildə İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Türkiyəyə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR