Bakının müxtəlif ərazilərində IDEA quş sığınacaqları quraşdırılıb

Bakının müxtəlif ərazilərində IDEA quş sığınacaqları quraşdırılıb
# 13 may 2013 15:30 (UTC +04:00)

Bakı-APA. IDEA kampaniyası hər il may ayının 11-12-i qeyd olunan Dünya Köçəri Quşlar günü münasibətilə Bakı şəhərinin müxtəlif ərazilərində quş sığınacaqlarının quraşdırılmasını həyata keçirib. IDEA-dan APA-ya verilən məlumata görə, quş sığınacaqlarının quraşdırılması müvafiq olaraq İçərişəhər və Azərbaycan Diplomatik Akademiyasının universitet şəhərciyindəki yaşıllıq ərazilərdə həyata keçirilib. Ümumilikdə 30-dan çox quş sığınacaqlarının quraşdırılması baş tutub.

Quş sığınacaqları İçərişəhərdə İrəli İctimai Birliyinin fəalları, ADA-nın universitet şəhərciyində isə ADA tələbələrinin iştirakı ilə quraşdırılıb.

Şəhərlərin ekoloji balansının bərpa olunmasında əhəmiyyətli rol oynayan quş sığınacaqlarının quraşdırılması hər il may ayında qeyd olunan Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilib.

Qeyd edək ki, IDEA quş sığınacaqları daha öncə Bişkek, Moskva şəhərlərində və Minsk şəhəri ətrafında quraşdırılıb.

Quş sığınacaqlarının Bakı şəhəri ərazisində quraşdırılmasının qarşıdakı günlər ərzində davam etməsi planlaşdırılır.

IDEA (Ətraf Mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə ilə “Quşlar üçün sığınacaq dizaynı” adı altında müsabiqə elan edib. Müsabiqəyə 100-dən çox eskiz təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR