“ASAN” Səyyar xidmət Mərkəzi bölgələrdə fəaliyyətini davam etdirir

“ASAN” Səyyar xidmət Mərkəzi bölgələrdə fəaliyyətini davam etdirir
# 01 iyul 2013 08:01 (UTC +04:00)

Bakı-APA. “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, “ASAN” Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub istiqamətində isə Şirvan, Sabiradad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcək.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda isə Sabirabad və Saatlı rayonlarının sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

29 iyun - 15 iyul tarixində Şamaxı, Qobustan və Ağsu rayonlarının ümumi sayı 210000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Şamaxı şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR