Azərbaycanın xidmətlər balansının mənfi saldosu 33% artıb

Azərbaycanın xidmətlər balansının mənfi saldosu 33% artıb
# 18 dekabr 2013 08:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks etdirilən xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 9 268,8 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 6 209,9 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3 058,9 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərin dəyəridir.

Beləliklə, xidmətlər balansının saldosu mənfi 3 151,0 mln. dollar olub ki, bu da 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən 32,6% çoxdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 14,0%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1 298,8 mln. dollar olan nəqliyyat xidmətlərinin 54,8%-i və ya 711,4 mln. dollar Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 587,4 mln. dollar təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 124,1 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 48,5% azdır.

Yanvar-sentyabr ayları ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 759,3 mln. dollar olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2 102,1 mln. dollar təşkil edib. Nəticədə, turizm xidmətləri üzrə 342,9 mln. dollar həcmində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 38,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR