Müasir İncəsənət Muzeyində tanınmış rəssam Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılıb

Müasir İncəsənət Muzeyində tanınmış rəssam Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılıb
# 20 fevral 2014 23:44 (UTC +04:00)

Bakı-APA. Fevralın 20-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılıb. APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı sərginin açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri, rəssam Aida Mahmudova yeni sərgi haqqında məlumat verərək deyib ki, Rəşad Ələkbərovun işləri müəllifin daxili enerjisini, düşüncələrini əks etdirir.

Qeyd olunub ki, işıq və kölgə vasitəsilə yaradılan installyasiyalar möhtəşəmdir. Bununla yanaşı, ən vacib olan onların texniki mükəmməlliyi deyil, məhz mənanın dərinliyi və müəllifin təxəyyül gücüdür.

Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürünü bildirib.

Sərgidə rəssamın 5 əsəri nümayiş olunur. Bunlardan “Ümid” və “Məqsəd” adlı əsərləri avtoportretdir. Digər əsərləri isə “Mənə incəsənət göstər”, “Hər parıldayan qızıl deyil” və “Haradan gəlib, hara gedirsən?!” adlanır.

Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirib. O, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən ilin yazında isə rəssamın “Lost in translation. This too shall pass” (“İtmiş. Bu da keçəcək”) adlı əsəri Venesiya Biennalesində “YARAT” Müasir İncəsənət Məkanının pavilyonunda sərgilənib.

Rəşad Ələkbərovun Müasir İncəsənət Muzeyindəki fərdi sərgisi martın 20-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR