İranın neft ixracı azalıb

İranın neft ixracı azalıb
# 13 sentyabr 2013 07:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın neft ixracı azalıb. APA-nın “Radiofarda”ya istinadən məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) son aylıq hesabatında açıqlama verilib.

Sənəddə bildirilir ki, İranın neft ixracı bu ilin avqust ayında gündəlik orta hesabla 985 min barelə düşüb.

Hesabatda qeyd olunur ki, İranın avqust ayında Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Suriyaya həmçinin xam neft ixracı olub.

Sənəddə deyilir ki, İranın ötən ay neft ixracı iyul ayına nisbətən gündəlik 100 min barel artıb, eyni zamanda avqust ayında bu ölkənin neft istehsalı da 30 min barel artaraq gündəlik 2 mln. 680 min barelə çatıb.

Agentliyin hesabatında bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) bu ilin üçüncü rübündə gündəlik 30 mln. 300 min barelə tələbat olduğunu proqnozlaşdırılır: “Ancaq bu göstərici 2013-cü ilin dördüncü rübündə gündəlik 29 mln. 600 min barel olacaq”.

Qeyd edək ki, İran bu il ölkə büdcəsində neft ixracını gündəlik 1 mln. 300 min barel həddində proqnozlaşdırıb. Ancaq bununla belə, İranın neft ixracı gündəlik 1 mln. bareldən də aşağı düşüb. Eyni zamanda ölkə büdcəsində 1 barel neftin qiyməti 95 dollar həddində müəyyənləşdirilib. OPEK isə İran neftinin bir barelinin qiymətinin ötən ay orta hesabla 107 dollar həcmində olduğunu açıqlayıb. İran 2011-ci ildə 2 mln. 200 min barel neft ixrac etdiyi halda, bu rəqəm 2012-ci ildə 1 mln. 100 min barelə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR