İSESCO: İslam ölkələrində uşaqların təhsilə cəlb olunma göstəricisi aşağıdır

İSESCO: İslam ölkələrində uşaqların təhsilə cəlb olunma göstəricisi aşağıdır
# 08 noyabr 2013 10:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatına (İSESCO) üzv olan bütün ölkələrdə uşaqların təhsilə cəlb olunması göstəricisi arzuolunan səviyyədən aşağıdır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İSESCO-nun eksperti Sadiq Rəşid deyib. O bildirib ki, bu göstərici əksər ölkələrdə 4-10% arasında dəyişir, çox az ölkələrdə uşaqların təhsilə cəlb olunma səviyyəsi nisbətən yüksəkdir.

Beş yaşından aşağı uşaqlarda ölüm səviyyəsinin Afrikanın İslam ölkələrində daha yüksək olduğunu söyləyən İSESCO eksperti bildirib ki, bu problemlərin əsası ehtiyatsız qidalanma, kanalizasiya və tibbi xidmətlərin olmaması ilə bağlıdır. S. Rəşid qeyd edib ki, bu hallar Cənubi Asiyadakı ölkələr üçün də xarakterikdir: “Son illər İslam ölkələrində baş verən inqilablar, iğtişaşlar uşaqların təhsilə, tibbi xidmətə çıxışını əngəlləyir. İnqilablar nəticəsində həmin ölkələrdə qaçqın uşaqlar yaranır və onların bir çox xidmətlərə çıxış imkanları məhdudlaşır. Bundan əlavə, Yaxın Şərq ölkələrində uşaqlarda peyvəndlənmə işlərinin vaxtında aparılmaması sonradan onların əlillik vəziyyətinin artmasına səbəb olur”.

İSESCO eksperti qeyd edib ki, hazırda Azərbaycanda təşkil edilən beynəlxalq konfrans bütün üzv ölkələri üçün öz təcrübələrini bölüşmək, qarşılıqlı fikir mübadiləsi aparmaq və problemlərin həllinə nail olmaq baxımından mühüm bir imkandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR