Azərbaycanda sahibkarlar yoxlamaların aparılması üçün risk qruplarına bölünəcək

Azərbaycanda sahibkarlar yoxlamaların aparılması üçün risk qruplarına bölünəcək
# 14 may 2013 13:05 (UTC +04:00)

APA-nın xəbərinə görə, layihə parlamentə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə daxil olub. Layihə barədə MM-in İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, qanun ölkədə sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qoruyacaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane olmasına imkan verməyəcək.

Qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir.

Qanun layihəsinə əsasən, yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda - iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda - üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin, yoxlamaların elektron uçotu aparılmalıdır.

Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanun layihəsinə görə yoxlayıcı orqanın istəyi ilə deyil, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə biləcək. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər.

Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ-hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanun layihəsinin özəlliklərindən biridir. Qanun layihəsində sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır.

Bundan başqa, qanun layihəsində yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üçün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsuliyyəti məsələləri də əksini tapıb. Belə ki, qanun layihəsində göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.

Millət vəkili Tahir Rzayev yoxlamaların bir dövlət qurumu tərəfindən aparılmasının zəruri olduğunu deyib. Onun sözlərinə görə, bir neçə qurumun yoxlama aparması şəxsi maraqların ortaya çıxmasına yol açıb.

Millət vəkili Aydın Abbasov isə bildirib ki, qanun layihəsindəki «yoxlama» sözü sahibkarlar tərəfindən müxtəlif cür qarşılana bilər: «Yoxlama» sözünün «nəzarət» sözü ilə əvəzlənməsi daha yaxşı olardı».

Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR