Azərbaycan xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması sahəsində Koreya təcrübəsini öyrənir

Azərbaycan xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması sahəsində Koreya təcrübəsini öyrənir
# 14 may 2013 13:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) birgə təşkilatçılığı ilə «Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi»nin yekunlarına həsr olunmuş tədbir keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə Koreya Xarici İşlər Nazirliyi ilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında «Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi»nin həyata keçirilməsi ilə bağlı qrant razılaşması təsdiq edilib. Azərbaycan tərəfindən layihənin icrası ilə bağlı səlahiyyətli qurum İqtisadi İnkişaf Nazirliyi, Koreya tərəfindən isə KOICA təyin olunub.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sənaye parklarının yaradılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyətini qeyd edib.

«Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi» barədə məlumat verən S.Vəliyev qeyd edib ki, layihə çərçivəsində Koreya tərəfinin və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb, qarşılıqlı səfərlər təşkil edilib, bir sıra görüşlər keçirilib, layihənin yekun hesabatı hazırlanıb.

Layihənin Koreya tərəfindən rəhbəri, professor Jong On Yoon xüsusi iqtisadi zonaların və sənaye parklarının yaradılması və idarə olunması sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edərək, layihənin iki ölkə arasında əlaqələrin inkişafına da müsbət töhfə verəcəyini vurğulayıb və bildirib ki, qrant razılaşması çərçivəsində 2011-ci ildən etibarən həyata keçirilən bu layihə sənaye parklarına dair Koreya təcrübəsinin Azərbaycanda yaradılacaq sənaye parklarında tətbiqi baxımdan əhəmiyyətlidir.

KOICA-nın Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kim En-Suk öz çıxışında sənaye parkları və xüsusi iqtisadi zonalara dair birgə tədqiqatların aparılmasının əhəmiyyətini qeyd edib və Nazirliyin Yekun Hesabatla bağlı bütün qeydlərinin nəzərə alındığını bildirib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri, layihənin Azərbaycan tərəfindən rəhbəri Zaur Qasımov və koreyalı ekspertlər çıxış ediblər, sənayeləşmə siyasəti və sənaye parklarının inkişafı, sənaye parklarının yaradılma mərhələləri, inkişaf strategiyaları, insan resurslarının gücləndirilməsi və s. məsələlərlə bağlı müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR