Daha bir Avropa ölkəsinin prezidenti Soçi Olimpiadasını boykot edib

Daha bir Avropa ölkəsinin prezidenti Soçi Olimpiadasını boykot edib
# 20 dekabr 2013 11:53 (UTC +04:00)

Bakı – APA. Litva prezidenti Dalya Qribauskayte Rusiyanın yürütdüyü siyasətlə əlaqədar Soçidə keçiriləcək Qış Olimpiadasına getməyəcəyini bildirib. APA-nın “Delfi” portalına istinadən verdiyi məlumata görə, Litvanın dövlət başçısı bu bəyanatla Brüsseldə çıxış edib.

“İnsan hüquqlarının pozulması, Litva daxil olmaqla, şərq tərəfdaşları ilə davranış və bizə qarşı tətbiq edilən iqtisadi sanksiyalar şəraitində mən Soçiyə getməyi məqsədəuyğun hesab etmirəm” – deyə D. Qribauskayte söyləyib.

D. Qribauskayte ilk dövlət başçısıdır ki, imtinanın səbəbini siyasi motivlərlə əlaqələndirib. Artıq bəllidir ki, ABŞ-ın prezidenti Barak Obama, Fransa prezidenti Fransua Oland və Almaniyanın kansleri Angela Merkel Soçini ziyarət etməyəcəklər. Lakin onların heç biri oyunların boykotundan danışmayıb.

Bu arada digər Baltikyanı ölkənin başçısı – Latviya prezidenti Andris Berzinş Soçiyə gedəcəyini bildirib. O qeyd edib ki, boykot “soyuq müharibə”nin ruhunu əks etdirir.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın prezidenti Yoahim Qauk və Avropa Komissiyasının vitse-prezidenti Vivian Redinq Olimpiya oyunlarını boykot edəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR