Qüdsi Osmanov: “Dedi-qoduları bir kənara qoyub, Azərbaycan diasporunun inkişafı üçün var gücümüzlə çalışmalıyıq” - FOTO

Qüdsi Osmanov: “Dedi-qoduları bir kənara qoyub, Azərbaycan diasporunun inkişafı üçün var gücümüzlə çalışmalıyıq”  - <span style="color: red;">FOTO
# 07 may 2013 14:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) regional nümayəndəliklərin iştirakı ilə növbəti iclas keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, icraçı direktor İlqar Hacıyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rizvan Əliyev və təşkilatın regional bölmələrinin rəhbərləri iştirak ediblər.


Qüdsi Osmanov çıxışında Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində həm də diaspor işləri ilə məşğul olacağını söyləyib: “Azərbaycan prezidenti İlham Əliyev mənə etimad göstərərək bu vəzifəyə təyin edib. Artıq uzun illərdir ki, Rusiyada yaşayıram. Buradakı Azərbaycan diasporunu yaxından tanıyıram. Təcrübəli diplomat və Rusiyada böyük nüfuz sahibi olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rəhbərliyi ilə burdakı problemlərin öhdəsindən birlikdə gələcəyik. Əsas məsələ işlə məşğul olmaqdır. Dedi-qoduları bir kənara qoyub, Azərbaycan diasporunun inkişafı üçün var gücümüzlə çalışmalıyıq. Diaspor işində ön cərgədə milli maraqlardır”.

Q. Osmanov qeyd edib ki, diaspor anlayışı çox mürəkkəb və həssas olduğundan bu sahədə səhv buraxılması yolverilməzdir, cünki səhvləri düzəltmək çox çətindir: “Bütün mövcud şərtləri nəzərə alaraq Rusiyadakı Azərbaycan diasporunun səmərəli fəaliyyət göstərməsi və güclü olması üçün normal bir formul düşünməliyik. Rusiyada Azərbaycan diasporu yalnız bugün movcud olan təşkilatlardan yox, bu ölkədə yaşayan bütün azərbaycanlılardan ibarətdir. Diasporumuzu birləşdirmək üçün bacarığı və istəyi olan istedadlı insanları cəlb etmək vacibdir. Bu, hamımızın səyi nəticəsində baş tuta bilər. Rusiya azərbaycanlılarının birliyi və güclü olması həm Rusiya, həm Azərbaycan dövlətinin istəyidir”.


Səfir müavini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələrdən də danıışıb.

Daha sonra “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rüstəm Arifcanov çıxış edib. O, sentyabr ayında qəzetin 10 illiyinin qeyd olunacağını söyləyib. Qəzetlə bağlı problemlərə toxunan R. Arifcanov bildirib ki, artıq qəzet Azərbaycanda da nəşr olunmağa başlayıb: “Bu, çox önəmli bir hadisədir”.

ÜAK-ın nümayəndəsi Rüfət Əliyev isə yaxın vaxtlarda ÜAK-ın saytında yenilik olacağını açıqlayıb: “ÜAK-ın saytı Azərbaycan dilində də fəaliyyət göstərəcək. Sayta oxucular üçün maraqlı bölmələr, diaspor xəbərləri, özəl müsahibələr, Rusiyanın və Azərbaycanın tanınmış siyasilərinin analitik yazıları dərc olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR