Bakıda 7-ci beynəlxalq “Təhsil və Karyera” sərgisi keçirilir - VİDEO - FOTOSESSİYA

Bakıda 7-ci beynəlxalq “Təhsil və Karyera” sərgisi keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 04 oktyabr 2013 10:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda 7-ci beynəlxalq “Təhsil və Karyera” sərgisi başlayıb.

APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan hökuməti vətəndaşlar üçün dünya standartlarına cavab verən yüksək səviyyəli təhsil imkanlarını yaratmaq istiqamətində ciddi addımlar atır. Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrinin bu kimi sərgilərdə daha fəal şəkildə iştirakı onların həm xarici tərəfdaşları ilə birbaşa əlaqələr qurması, həm də ali təhsil müəssisələrinin effektiv idarə olunması üzrə-iqtisadi aspektlər daxil olmaqla-uğurlu xarici təcrübələrin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Bununla yanaşı, bizim ali təhsil müəssisələrinin bu kimi tədbirlərdən istifadə edərək şagird və tələbələr, həmçinin əmək bazarında öz təbliğatlarını həyata keçirmək təcrübəsindən geniş şəkildə istifadə etməlidirlər. Sürətlə inkişaf edən iqtisadiyyat üçün yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarlar tələb olunur. Təhsil Nazirliyi ölkədə və xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq çərçivəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Sərgi çərçivəsində də “Müasir Azərbaycan peşəkarları” layihəsinin təqdimatı keçiriləcək. Ümidvaram ki, şagird, tələbə və məzunlarımız sərginin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edərək yeni təhsil və karyera perspektivlərini dəyərləndirə biləcəklər”.

"İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, sərgidə dünyanın 17 ölkəsindən 107 iştirakçısı bir araya gəlib və burada ali təhsil almaq və ya biliklərini artırmaq istəyən şəxslərə geniş informasiya təklif olunur. Onun sözlərinə görə, bu ölkələr arasında Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digərləri var: “İlk dəfə olaraq, 5 ölkə öz milli stendləri ilə çıxış edir. Ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqram təklif edən iştirakçılar ziyarətçilərə ölkələrinin təhsil sistemi, eləcə də xaricdə bu və ya digər təhsil proqramının üstünlükləri barədə məlumat verəcəklər. Sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar”.

Qeyd edək ki, 7-ci beynəlxalq “Təhsil və Karyera” sərgisi oktyabrın 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR