ADNA-nın yataqxanalarında qalan ailələr çıxarılıb

ADNA-nın yataqxanalarında qalan ailələr çıxarılıb
# 11 mart 2014 15:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, C. Hacıbəyli küçəsindəki yataqxanalardan çıxmaq istəməyən məcburi köçkünlərin yataqxanalardan köçürülməsi prosesi başlayıb.

APA-nın məlumatına görə, sökülməsi nəzərdə tutulan yataqxanalardan məcburi köçkünlərin çıxarılması prosesinə polis əməkdaşları da cəlb edilib.

Qeyd edək ki, keçən il avqustun 1-dən ADNA-nın yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkünlərin Masazır qəsəbəsində tikilən yeni mənzillərə köçürülməsi prosesi başlayıb. Ancaq 20-dək ailə yataqxanalardan köçməklə razılaşmayıb.

Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin yataqxanalarda qalmış 20 ailədən 7 məcburi köçkün ailəsinə də mənzillər və orderlər verilib. Lakin həmin insanlar qeyri-müəyyən səbəbə görə yeni mənzillərə köçmürlər. Mənzil bölgüsündən narazı olan bu məcburi köçkün ailələri ilə bərabər yataqxanalarda faktiki orada yaşamayan, sonradan müxtəlif yollarla yataqxanalara yerləşən, o cümlədən məcburi köçkün statusu olmaya ailələr də var. Dövlət Komitəsi həmin ailələrə mənzil düşmədiyini açıqlayıb: “Hazırda həmin yataqxanaların sökülməsi və digər məsələlərə isə biz baxmırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR